COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq
“Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un konfransı keçiriləcək. Bu əhəmiyyətli hadisə bir tərəfdən dünya birliyi tərəfindən növbəti dəfə Azərbaycana göstərilən böyük etimadın isbatıdırsa, digər tərəfdən Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan hörmətinin sübutudur. Şübhə yoxdur ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq və COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi qlobal Cənub və Qərb, iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak edilməli, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalı kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq”.
“COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, BƏƏ-nin, Azərbaycanın və Braziliyanın təcrübəsindən istifadə edilməsi üçün mexanizm yaradılacaq: “Eyni zamanda, maliyyələşməni təmin etmək üçün Azərbaycan neft hasil edən digər ölkələrlə həmrəylik paketinin yaradılması üçün fəal iş aparır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.