AnalitikaGündəm

COP29-un sədri kimi Azərbaycanın əsas məqsədi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun təmin edilməsinə yardım etməkdir

COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi, ölkəmizin beynəlxalq arenada artan əhəmiyyətini bir daha sübut edir. Təxminən 200 ölkənin yekdil qərarı ilə Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsi, Azərbaycanın nüfuzunun və qlobal mövqeyinin göstəricisidir. Bu tarixi addım, Azərbaycanın qlobal miqyasda sülhə, təhlükəsizliyə və davamlı inkişafa verdiyi töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir.

COP29-un sədri kimi Azərbaycanın əsas məqsədi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun təmin edilməsinə yardım etməkdir. Azərbaycan bu səmərəli əməkdaşlıq mühitini Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaradaraq qurmaq niyyətindədir. Bu, Azərbaycanın diplomatik siyasətində tərəfsizlik, sülh və bərabərlik prinsiplərinə olan bağlılığını nümayiş etdirir.

Ölkəmiz enerji və logistika sahələrində başladığı nəhəng layihələrlə Avrasiyada mühüm rol oynamağa davam edir. Şimal, Cənub, Qərb və Şərq yollarının kəsişmə nöqtəsi olan Azərbaycan, enerji və daşımaların qlobal ticarət marşrutlarında əsas iştirakçı kimi çıxış edir. Bu layihələr, regionda iqtisadi əlaqələri gücləndirərək çoxtərəfli əməkdaşlıq formatının inkişafına təkan verir.

Azərbaycanın enerji təhlükəsizliyində göstərdiyi təşəbbüslər, yaşıl enerjinin ixracı istiqamətində də öz əksini tapır. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabelinin texniki əsaslandırması demək olar ki, tamamlanıb və bu layihə Avropa bazarlarına yaşıl enerji tədarükünün artırılmasını nəzərdə tutur. Bu kabel, 2 giqavat gücü ilə yalnız başlanğıc mərhələni təşkil edir və gələcəkdə daha geniş enerji ötürücüləri üçün əsas ola bilər.

Azərbaycanın digər bir qlobal missiyası isə mədəniyyətlərarası dialoqun təşviqidir. Multikulturalizm dövlətimizin əsas siyasətidir və Azərbaycan xalqı etnik və dini müxtəlifliyi ilə harmoniya içində yaşamaqdadır. Azərbaycan, çoxtərəfliliyə sadiq qalaraq sülh və birgəyaşayışın nümunəsini təqdim edir.

BMT Təhlükəsizlik Şurasının otuz il müddətində kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü ilə icra edərək, beynəlxalq hüququ bərpa etmişdir. İşğaldan azad olunan ərazilərimizdə suverenliyimizi tam bərpa etməyimiz, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyimizin qələbəsidir. Bu tarixi qələbə, Azərbaycanın gücünü və müstəqil siyasətini bir daha sübut etdi.

Azərbaycan COP29-a ev sahibliyi hüququnu qazandıqdan sonra bir sıra qarayaxma kampaniyalarının hədəfi olmuşdur. Lakin bütün bu qərəzli yanaşmalara baxmayaraq, tədbirə 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçmişdir ki, bunların arasında dünya liderləri də vardır. Bu möhtəşəm iştirak, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini göstərir və ölkəmizə olan inamı bir daha sübut edir.

Azərbaycan, həm enerji, həm mədəniyyət sahəsində, həm də qlobal təhlükəsizlik və inkişaf istiqamətində göstərdiyi səyləri ilə dünya miqyasında mühüm bir oyunçuya çevrilmişdir. COP29, Azərbaycanın bu sahələrdəki töhfələrini təqdim etmək və daha da inkişaf etdirmək üçün əvəzolunmaz bir platformadır.

Günel Şükürova,
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button