COP29-un ölkəmizdə keçirilməsi növbəti dəfə Azərbaycana göstərilən böyük etimad və hörmətin isbatıdır
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi dünya birliyi tərəfindən növbəti dəfə Azərbaycana göstərilən böyük etimad və hörmətin isbatıdır. Bu etimad isə Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan hörmətinin və davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirməsinin əlamətidir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinin böyük siyasi əhəmiyyəti var: “Onu da qeyd etmək lazımdır ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Bu isə özlüyündə bir daha bütün dünya ictimaiyyətinin Azərbaycana yekdil dəstəyinin ifadəsidir”.
“COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, COP29 bu vaxta qədər Azərbaycanda keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir: “Çünki iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq və ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək. Şübhə yoxdur ki, COP29 beynəlxalq konfransı ölkəmizin və xalqımızın növbəti böyük uğuru olacaq. Bu dünya miqyaslı tədbir Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olduğunu nümayiş etdirməklə yanaşı yaşıl enerji növlərinin yaradılmasının, yaşıl enerjinin dünya bazarlarına nəqlinin ölkəmizin enerji siyasətinin prioriteti olmasını isbatlayacaq”.