COP29-un keçirilməsi bütün dünya ölkələri üçün vacibdir
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı göz qabağındadır. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Konfransın ən mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Təbii ki, turizm və logistika sahəsində yüzlərlə yeni peşəkar mütəxəssis hazırlanacaq, bir çox problemlərin həlli ilə bağlı turizm və dövlət xidmətlərinin keyfiyyəti dəyişəcək. Regional turizm sahəsində də keyfiyyət dəyişikliyi gözlənilir, yeni marşrutlar və səhər turları təşkil olunacaq. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, COP29 sülh prosesinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev bu fikri təsdiqləyən amilləri də qeyd etdi. Birincisi, məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. İlk dəfə idi ki, beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi. COP29-un keçirilməsi bütün dünya ölkələri üçün vacibdir. Çünki bu planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumən ekologiyanın vəziyyətinin yaxşılaşdırılması planetimizin ömrünün uzanmasına, insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açan əsas vasitə sayılır. Bununla bağlı COP29-un əlbəttə ki, bütün dünya üçün əhəmiyyəti olduqca böyükdür. Bu, dünya üçün bir sıra regional siyasi münaqişələrlə, ayrı-ayrı siyasi problemlərlə bağlı keçirilən tədbirlərdən daha çox əhəmiyyətlidir. Planetimiz üçün daha böyük məna kəsb etməkdədir. Biz fəxr etməliyik ki, belə bir tədbir cari ildə Azərbaycanda keçiriləcək. Bu həm ölkəmizin həm “yaşıl enerji”yə keçidi sahəsində əldə etdiyi nəticələrlə, həm Azərbaycanın neft-qaz ölkəsi olması, ənənvi enerji resursları ilə zəngin olan bir ölkə olması ilə iqtisadi inkişafı, siyasi nüfuzu ilə bilavasitə əlaqədar olan məsələdir.
Rzayeva Səba,
YAP-ın gənc fəalı