COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycanın xarici siyasətinin uğurlu nəticəsidir
Azərbaycan Respublikasının apardığı xarici siyasət strategiyası onun hazırda dünya miqyasında güclü dövlətlərdən birinə çevrilməsində xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz ölkəsini beynəlxalq arenada mükəmməl şəkildə təmsil etdiyinə görə bu gün Azərbaycan gündəmindədir. Gündəmdə olmasının əsas göstəricilərindən biri də son illərdə ölkəmizdə bir çox mühüm xarakterli tədbirlərin keçirilməsidir. Bu tədbirlər çərçivəsində Azərbaycan öz gücünü bir daha təsdiqləyir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi onun dünyaya inteqrasiya olunmasında mühüm rol oynayır.
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Belə bir dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı müşavirədə çıxış etmiş və çıxışı zamanı Azərbaycanın gələn il belə mühüm bir tədbirə ev sahibliyi etməsinin önəmindən bəhs etmişdir. Həmçinin cənab Prezident çıxışında ölkəmizin haqlı mübarizəsini, regionda və dünyada Azərbaycanın həmişə sülhün və təhlükəsizliyin tərəfdarı olmasını vurğulamışdır.
Bu tipli irimiqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi, təbii ki, böyük məsuliyyətdir və üzərimizə böyük öhdəliklər qoyur. Lakin Azərbaycan onların öhdəsindən müvəffəqiyyətlə gəlir. Belə mötəbər layihə və tədbirlərin Azərbaycanda, xüsusilə Bakıda keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzundan xəbər verir və Azərbaycanın gələcək inkişafına xidmət edir.
Zərxanım Abbasova,
YAP-ın fəalı