Analitika

COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən böyük etimad və hörmətin növbəti nümunəsidir

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız və sədaqətimiz ölkəmizin dünya miqyasında çox güclü mövqelərə sahib olmasına səbəb olmuşdur. Biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Heç şübhəsiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən böyük etimad və hörmətin növbəti nümunəsidir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.

Rəşadət Xalıqov bildirib ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunması bir daha bütün dünya ictimaiyyətinin cənab Prezident İlham Əliyevin siyasi iradəsinə və qətiyyətinə, dövlətimizin haqlı mövqeyinə göstərilən dəstəyin göstəricisi kimi xarakterizə oluna bilər.

“İrimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Nəzərə alaq ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, COP29 beynəlxalq konfransını dövlətimiz həmişə olduğu kimi yüksək səviyyədə keçirəcək və ölkəmizin, xalqımızın növbəti böyük uğuruna şahidlik edəcəyik.

Oxşar Xəbərlər

Back to top button