Analitika

COP29 Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil edir

“Məlum olduğu kimi, bu il ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un konfransı keçiriləcək. Bu əhəmiyyətli hadisə bir tərəfdən dünya birliyi tərəfindən növbəti dəfə Azərbaycana göstərilən böyük etimadın isbatıdırsa, digər tərəfdən Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan hörmətinin sübutudur. Şübhə yoxdur ki, COP29 beynəlxalq konfransı ölkəmizin və xalqımızın növbəti böyük uğuru olacaq. Bu dünya miqyaslı tədbir Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olduğunu nümayiş etdirməklə yanaşı yaşıl enerji növlərinin yaradılmasının, yaşıl enerjinin dünya bazarlarına nəqlinin ölkəmizin enerji siyasətinin prioriteti olmasını isbatlayacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha COP29-un əhəmiyyətinə toxunub”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, COP29 Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil edir: “Prezident İlham Əliyev bu məsələni belə izah edir ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Lakin Azərbaycan bunu ənənəvi ehtiyatlarının çatışmadığına görə etmir. Ona görə edir ki, neft-qaz satışından əldə etdiyi maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyir. Problemin kökü ondadır ki, dünya kimi Azərbaycan da iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görür. Azərbaycan çaylarında su, dağlarda qar, Xəzər dənizində suyun səviyyəsi azalır. Bu səbəbdən də Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır”.

“Azərbaycan yaxın 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır, əksinə Azərbaycan kimi ölkələrə görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyinə görə qiymət verilməlidir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button