Cənubi Qafqazda ən böyük siyasi partiya

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər partiyanın bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003, 2008 və 2013-cü ildəki prezident seçkiləri buna sübutdur.
Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin – referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi. Bu ilin 26 sentyabrında da ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirildi. Bu prosesdə YAP “Yeni Azərbaycan” təşviqat qrupu yaradaraq referenduma çıxarılan məsələlərin cəmiyyətdə geniş təbliğatını həyata keçirdi.
YAP bu uğurları və qələbələri 2004-cü, 2009-cu və 2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci, 2010-cu və 2015-ci ildə keçirilən parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir. Cənubi Qafqazın ən böyük siyasi partiyasının beynəlxalq əlaqələri mütəmadi olaraq inkişaf edir. Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Sübhan Ərəbi
YAP-ın fəalı