Bu gün Azərbaycanın, o cümlədən Qarabağın tarixi şəhərlərdən biri sayılan Cəbrayıl şəhərinin işğaldan azad olunmasından artıq dörd il ötür.
İllərlə Cəbrayılın həsrəti ilə yaşayan, hər duasında, hər xoş anında Cəbrayılın əsrarəngiz mənzərəsini seyr etməyi istəyən azərbaycanlıların müqəddəs arzusu məhz iki il öncə bu gün çin oldu. Vətənin bağrından zorla qoparılan Cəbrayıl 28 il sonra azad edildi.
Sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edilərək, oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də azad olundu.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna ilk dəfə səfər etmişdilər. Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.
Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Məhz Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz sayəsində əsrlər boyu yaddaşlardan silinməyəcək Zəfər tarixini yazdıq.
Bir daha bildirmək istərdim ki, bugün işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. İşğaldan azad olunan yaşayış məskənlərimizin tarixi Azərbaycan adları bərpa olunub. Bunlar Azərbaycan xalqını qürurlandırır və qələbəyə olan inamını daha da artırır. Bu eyni zamanda düşmənə verilən tarixi dərsin nəticəsidir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi