Bu seçkilərdə Azərbaycan xalqı öz liderinə, dövlətinin başçısına olan etimadını bir daha sübut etdi
2024-cü 7 fevral tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikasının Zəfər seçkisi idi. Bu seçkilərdə Azərbaycan xalqı öz liderinə, dövlətinin başçısına olan etimadını bir daha sübut etdi. Seçkilər zamanı 92,12 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən prezident seçildi. Cənab Prezident 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Prezident seçilərkən verdiyi bütün vədləri yerinə yetirdi, bütün sözlərinin arxasında durdu. Hakimiyyətə gəldiyi gündən ömrünü Azərbaycan xalqının tərəqqisinə və inkişafına adadı. Zəfər seçkilərindən sonra 14 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi baş tutub. Müzəffər lider əvvəlcə əlini Azərbaycan Respublikasının Konstitusiyasına, sonra isə “Qurani-Şərif”ə əl basaraq and içmişdir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi son 20 ildə, həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni mərhələlər yaranıb. Hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan dünyada böyük etimad qazanıb. Bütün bunları nəzərə alaraq, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi oldu. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirdi.
Dövlət başçısı tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı cənab Prezidentin, həm də Ali Baş Komandan kimi özünəinamın, xalq tərəfindən qətiyyətlə dəstəklənəcəyinə əminliyinin göstəricisi idi. Bu əminlik isə oradan qaynaqlanır ki, ölkə başçısı ötən 20 il ərzində xalqına verdiyi bütün vədləri yerinə yetirib. Xalq yaxşı bilir ki, cənab Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bizə Qarabağı bəxş edən, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan hər bir vətəndaşın qəlbini tək Prezident kimi deyil, səmimiyyəti ilə fəth etməyə müvəffəq olan azsaylı dünya liderlərindən biridir.
Dövlətimizi başçısı andiçmə mərasimindəki nitqində açıq danışıb. Bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, – deyə Prezident İlham Əliyev vurğulayıb. Beləliklə, qarşıdakı dövrü üçün xarici siyasətimizin yeni hədəfləri var. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə bu hədəflərə çatacaq!
Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı