Analitika

Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP 29 da Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin bir hissəsini təşkil edir

Prezident İlham Əliyevin martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının açılışında çıxışı zamanı səsləndirdiyi fikirlərin, mesajların böyük marağa səbəb olacağı, sözün yaxşı mənasında rezonans doğuracağı gözlənilən idi. “Euronews” kimi nüfuzlu televiziyanın əməkdaşının mərasimdən dərhal sonra dövlət başçımızdan müsahibə götürməsi və çıxışı zamanı səsləndirdiyi fikirləri Prezidentdən şərh etməsini rica etməsi bunun əyani təsdiqidir. Bir sıra neft-qaz ölkələrindən fərqli olaraq Azərbaycan tarixi sınaqdan üzüağ çıxmağı, neft və qaz resurslarımızdan ölkəmizin tərəqqisi üçün düzgün istifadə etməyi bacardı. Bu mənada Azərbaycanı yalnız Norveçlə müqayisə etmək düzgün olardı. Çünki Norveç hökuməti də ölkənin karbohidrogen ehtiyatlarını gələcək inkişafın təməl sərmayəsi kimi düzgün yönləndirə bilib. Odur ki, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində bu işdə yanaşmaların bir qədər dəyişilməli olduğunu vurğulaması praqmatik tövsiyyədir. Bu, tamamilə yeni narrativdir, neft ölkələrinin dünəninə, bugününə və gələcəyinə fərqli baxışdır. Qazıntı yanacağının təhlükəli və mənfi resurs olduğunu süni surətdə tirajlamaq və neft-qaz ölkələrini qaralamaq, günahlandırmaq əvəzinə, bu resursların tədarükündən əldə edilən gəlirlərin yerli hökumətlər tərəfindən ölkənin inkişafı və vətəndaşların ehtiyaclarının təmin edilməsi üçün necə istifadə edilməsinin nəticələri əsasında fikir yürüdülməlidir. Real nəticələri göz ardı edib, bu və ya digər neft ölkəsini hədəfə almaq və yerli-yersiz tənqid etmək ədalətsizlikdir. Ona görə də dövlət başçımız həm mərasimdəki çıxışında, həm də “Euronews”a müsahibəsində diqqəti məhz bu məqama yönəltdi, neft-qaz ölkələrinə qarşı ədalətsiz münasibətə son qoymağa çağırdı və bu mesajının lazımi ünvanlarda məlum dairələr tərəfindən eşidiləcəyinə ümidvar olduğunu bildirdi. Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP 29 da Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin bir hissəsini təşkil edir. Məlumdur ki, hazırda Azərbaycanda məhz bu sahədə irimiqyaslı beynəlxalq layihələr gerçəkləşdirilməkdədir. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensiala malik olması da bir çox təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.Ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bu potensial nəzərə alınaraq hökumət tərəfindən 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq planlaşdırılıb. Bu baxımdan əlbəttə ki, keçən ilin oktyabr ayında 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətli bir hadisə oldu. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Tədbirdə çıxış edən Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirmişdir ki, bunlar ölkəmizin yaşıl enerji iqtisadiyyatına verdiyi əhəmiyyətin göstəriciləridir. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib. Azərbaycan Prezidenti istər neft və qaz resurslarının mövcudluğuna, istərsə də yaşıl enerjiyə keçidə tamamilə yeni yanaşma təklif edir. Bu gün Azərbaycan yaşıl enerjiyə keçidi dəstəkləyən ölkələrin sırasında ən başda gələnlərdən biridir. Bəli, Azərbaycan və ənənəvi qazıntı yanacağı ilə zəngin olan digər ölkələr yaşıl enerjiyə keçiddə həqiqətən də ön sıralarda olmalıdır. Və Cənab Prezidentin də vurğuladığı kimi “biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Azərbaycan bu prosesdə heç şübhəsiz ki, aparıcı rol oynayacaq.

Dövlətimizin başçısı martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür. Bu sahədən qazandığımız gəliri yaşıl enerjiyə yatırmaq bərpaolunan enerjiyə verdiyimiz xüsusi töhfədir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button