Analitika

Bu il ilk dəfə Xocalı soyqırımının anım mərasiminin Xocalı şəhərində keçirilməsi ədalətin böyük təntənəsi oldu

Xocalı soyqırımı – XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. Ermənilərin Xocalıda törətdikləri soyqırım bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayətdir. 1992-ci il fevral 26-sı qarlı-şaxtalı bir gecədə insanlığını itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın insanlarımızın üzərinə hücum çəkərək tarixin ən qanlı cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, o cümlədən, bütün şəhidlərimizin qisası alındı.

Bu il ilk dəfə Xocalı soyqırımının anım mərasiminin Xocalı şəhərində keçirilməsi ədalətin böyük təntənəsi oldu. Fevralın 26-da Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Görüş zamanı Ölkə başçısı qeyd etmişdir: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”.

Bu gün əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir və bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçıları üçün də qaçınılmazdır.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button