Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir
Beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq ildən-ilə artır. Bu reallıqlar fonunda respublikamızın dünya ölkələri ilə geosiyasi və iqtisadi əlaqələrinin əhəmiyyəti daha da yüksəlib. Son dövrlər Azərbaycanın Balkan regionu ölkələri ilə əməkdaşlığı sürətlə inkişaf edir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq. Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik. Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Bolqarıstan və Azərbaycan bir-birilərini qarşılıqlı olaraq Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edirlər. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır.
2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il isə bu göstərici 500 milyon kubmetrdən bir qədər çox olmuşdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır. Dövlət başçımız bildirdi ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdilər ki,bu da, ölkəmizə olan dost münasibətin göstəricisidir. Bolqarıstan Prezidenti Rumen Radevin bildirib ki, biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir.” Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir.”
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı