AnalitikaGündəmOrdu

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü və müasir ordularından biri hesab olunur

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın hər il böyük qürur və ehtiramla qeyd etdiyi əlamətdar günlərdən biridir. 1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə milli ordunun yaradılması dövlətçilik tariximizin mühüm hadisələrindən biri olmuşdur. Müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.

Azərbaycan Ordusunun inkişafı məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Son illər ərzində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir silah və hərbi texnika ilə təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır və bunu döyüş meydanında da sübut etmişdir. Ordumuzun qazandığı uğurlar Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və hərbi potensialını bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü və müasir ordularından biri hesab olunur. Peşəkarlıq, yüksək döyüş hazırlığı, müasir texnologiyaların tətbiqi və vətənpərvərlik ruhu Silahlı Qüvvələrimizin əsas üstünlüklərini təşkil edir. Ordumuz yalnız ölkənin təhlükəsizliyinin təminatçısı deyil, həm də müstəqil dövlətçiliyimizin, milli maraqlarımızın və xalqımızın firavan gələcəyinin etibarlı qarantıdır.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradan, dövlətimizin gücünü və qüdrətini nümayiş etdirən əlamətdar tarixdir. Bu gün Azərbaycan xalqı öz qəhrəman hərbçilərinin xidmətlərini yüksək qiymətləndirir, şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir və güclü Azərbaycan Ordusunun gələcək uğurlarına böyük inam bəsləyir.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button