20 Yanvar 1990-cı il tarixi Azərbaycan xalqının yaddaşına təkcə faciə kimi deyil, həm də milli azadlıq mübarizəsi yolunda qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. Həmin gün Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet ordusunun ağır texnika və müxtəlif tipli silahlarla daxil olması nəticəsində yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi. Qanlı Yanvar hadisələri yalnız bir gecəlik faciə deyil, həm də xalqın milli kimliyinin və azadlıq ruhunun oyanışı idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyi tərəfindən “Bakı əməliyyatı” adı altında həyata keçirilən bu qırğın öncədən planlaşdırılmış bir cinayət idi. Mülki əhali arasında qorxu yaratmaq, xalqın milli mübarizə əzmini qırmaq məqsədilə hərbi güc tətbiq olundu. Lakin bu qanlı cinayət Sovet İttifaqının əksinə, Azərbaycan xalqının milli azadlıq mübarizəsini daha da gücləndirdi. Hadisələrin ən dəhşətli məqamlarından biri fövqəladə vəziyyətin qətliam törədildikdən sonra, yanvarın 20-si səhər saat 5:30-da elan olunması idi. Bakı şəhərinin komendantı V.Dubinyak radio vasitəsilə bu qərarı rəsmi şəkildə elan etdi. Bu fakt, mülki əhalinin qəsdən qorumasız buraxıldığını və məqsədin kütləvi insan qırğını olduğunu açıq şəkildə sübut edir. Qanlı Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Hələ 1990-cı ilin yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyini kəskin şəkildə tənqid etdi və bu qırğının təşkilatçılarını ifşa etdi. Onun səyləri nəticəsində 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə isə Milli Məclis səviyyəsində bu məsələ öz həllini tapdı. 20 Yanvar hadisələri təkcə faciə deyil, xalqımızın milli kimliyinin formalaşmasında və dünya azərbaycanlılarının təşkilatlanmasında mühüm rol oynadı. Bu hadisələr Sovet imperiyasının Azərbaycanda siyasi və hüquqi dayaqlarının çökməsinə səbəb oldu. Xalq bu qırğını öz azadlıq mübarizəsinin başlanğıcı kimi qəbul etdi və müstəqillik uğrunda mübarizəyə daha böyük ruh yüksəkliyi ilə davam etdi.
Bu gün Azərbaycan dövləti Qanlı Yanvar şəhidlərinin xatirəsini uca tutmaqda davam edir. Prezident İlham Əliyev şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. 20 Yanvar günü hər il ümummilli hüzn və qəhrəmanlıq günü kimi qeyd edilir. Şəhidlər xiyabanında əbədiyyətə qovuşan qəhrəmanların xatirəsi xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur.
20 Yanvar faciəsi xalqımızın tarixində həm kədərli, həm də qürurverici bir səhifədir. Bu gün 35 il keçməsinə baxmayaraq, həmin gecəki şəhidlərin qanı ilə yazılmış azadlıq salnaməsi hər bir azərbaycanlının yaddaşında yaşayır. Bu hadisə təkcə bir xalqın yox, bütün bəşəriyyətin yaddaşında insanlıq və ədalət mübarizəsinin simvolu kimi qalacaqdır.
Rəmalə Ağayeva,
69 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi