
Bu gün Azərbaycan dünyada öz sözünü deyən, etibarlı və dəyərli tərəfdaş kimi tanınır. Regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı olan ölkəmiz, qarşılıqlı hörmət və maraq əsasında qurduğu münasibətlərlə beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır. Azərbaycanın xarici siyasətində birmənalı şəkildə milli maraqlar əsas götürülür. Lakin bu siyasət yalnız öz maraqlarını deyil, tərəfdaş ölkələrin də mənafeyini nəzərə alan, dialoq və əməkdaşlıq üzərində qurulmuş bir yanaşmadır. Bu yanaşma sayəsində Azərbaycan bir çox dövlətlərlə güclü iqtisadi, siyasi, mədəni əlaqələr qurmağa nail olub. Xüsusilə enerji sahəsində həyata keçirilən beynəlxalq layihələr “Cənub Qaz Dəhlizi”, TANAP və TAP kimi layihələr yalnız ölkəmizin deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Bu layihələr göstərir ki, Azərbaycan nəinki regional, həm də qlobal səviyyədə mühüm rola malikdir. Eyni zamanda, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ATƏT, İƏT və Qoşulmama Hərəkatı ilə fəal əməkdaşlığı ölkəmizin beynəlxalq arenada etibarlı mövqeyini möhkəmləndirir. Bu təşkilatlarda Azərbaycanın irəli sürdüyü təşəbbüslər daim qarşılıqlı hörmət və anlayış prinsiplərinə əsaslanır. Bütün bu uğurlar onu göstərir ki, Azərbaycan dostluq və əməkdaşlıq siyasətinə sadiqdir. Qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında qurulan münasibətlər ölkəmizin gələcək inkişafına möhkəm zəmin yaradır.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi