“XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. 1993-cü ildə isə Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşub. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçib, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşıblar”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Zəngilan rayonu da erməni vandallarının dağıdıcılıq və ekoloji terror əməllərinə məruz qalıb, bütün kəndlər yerlə-yeksan olub, tarixi-dini abidələr məhv edilib. Lakin 2020-ci il Vətən müharibəsindəki parlaq Zəfərdən sonra işğaldan azad olunmuş digər ərazilər kimi Zəngilanda da abadlıq-quruculuq işləri həyata keçirilir: “Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri görülüb, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də əsaslı şəkildə təmir edilir. Həmçinin, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu və Zəngilan Beynəlxalq Hava Limanı da var. Zəngilan eyni zamanda keçmiş məcburi köçkünlərin qayıtdıqları birinci rayondur. Məhz birinci pilot layihə də Zəngilanın Ağalı kəndində həyata keçirilib. Ağalı kəndi faktiki olaraq yenidən qurulub və burada salınan “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edib. Burada yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri yaradılıb. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri də mövcuddur. Ümumilikdə, Ağalı kəndi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasının nümunəsinə çevrilib”.
“Zəngilan rayonu böyük qayışıdın möhtəşəm simvoluna çevrilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Zəngilanda həyata keçirilən işlərdə əsas amillər təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafdır: “Böyük qayışıdın möhtəşəm simvolu olan Zəngilan yeni inkişaf dövrünü yaşayır. Onu da əlavə etmək lazımdır ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir”.
Ramil Vəlibəyov vurğulayıb ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var: “Eləcə də Zəngilan mühüm nəqliyyat qovşağıdır və mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Elə Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq”.