Böyük Qayıdış bizim işimizin prioritet istiqamətlərindəndir
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.
2022-ci il 22 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” təsdiq olunub. Bu proqram “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tərkib hissəsidir və ölkəmizin yeni mərhələdə qarşıya qoyulmuş hədəflərinin reallaşdırılmasını özündə ehtiva edir. Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunub, bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.Təbii ki, proqramın konkret əhatə dairəsi var: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər. Bu ərazilər Ermənistan işğalı nəticəsində tamamilə dağıdılıb, II Qarabağ müharibəsindən sonra isə yeni yanaşma ortaya çıxıb. Yeni yanaşma dedikdə, sözügedən ərazilərdə ardıcıl və sürətli şəkildə tikinti, bərpa-quruculuq işlərinin aparılmasından, məcburi köçkünlük həyatına məhkum olmuş insanların öz torpaqlarına qayıtmasının prioritetliyindən söhbət gedir. Məqsəd həm də bundan ibarətdir ki, həyat əlaməti qaytarılacaq ərazilər ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlansın. Burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artım stimullaşdırılsın və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza yaransın.
İnstitusional mexanizmlər əslində postmüharibə dövrünün ilk günlərində formalaşdı. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradıldı. Onun nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz, inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Prezidentin xüsusi nümayəndəlikləri formalaşdırıldı.
Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensial həmin rayonları ayrı-ayrı sahələr üzrə iqtisadi cəhətdən ixtisaslaşdıra da bilir. Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə potensiala sahibdir.
Bəhs olunan Dövlət Proqramının uğurlu icrası Qarabağ və Şərqi Zəngəzurun inkişafına güclü təkan verəcək, daha neçə-neçə kənd və şəhərlərə insan nəfəsi dəyəcək, gözəl mənzillərdən gur işıqlar yanacaq!
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı