Analitika

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edir. BMT və onun müxtəlif orqanlarından başqa, hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, hansı ki Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Bununla belə, enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi Layihəsinə gəldikdə, Prezident İlham Əliyev və Aİ-nin o vaxtkı xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur. Göründüyü kimi, Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button