Bizim olan bizimdir, Qarabağ Azərbaycandır
1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Həmin dövrdə paytaxt Bakıda başı vəzifə bölgüsünə, kreslo davasına qarışan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə Ermənistanla sərhəd rayonları unutmuşdu. Kəlbəcərin itirilməsi böyük faciə idi və rayon sakinləri gözləri baxa-baxa, əliyalın, köməksiz halda bu dəhşəti, bu faciəni yaşayırdılar. Dövlət və hakimiyyət tərəfindən heç bir nəzarətin olmaması düşmənə qol-qanad verir, əli silahlı erməni terorçuları Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verirdilər. Müqavimət görməyən, azğınlaşımış ermənilər Bakıdan göndərilmiş helikopter adı ilə insanları aldadaraq oğurlayıb Ermənistan ərazisinə əsir aparırdılar. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti səbəbindən cəmi bir neçə günə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Məhz bundan sonra digər rayonları işğal edə bilmək üçün Ermənistanın imkanları daha da artmış oldu. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 ildən artıq müddətdə qBMT qətanməsi kağız üzərində qaldı. Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla həm də Azərbaycan BMT qətnaməsinin tələbini reallaşdırmış oldu. Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biri idi. İşğaldan sonra ən çox erməni əhalinin qanunsuz məskunlaşdırıldığı rayonun məhz Kəlbəcər olduğu son 15 gündə ermənilərin bu rayondan çıxarıldığı zaman ortaya çıxdı. Halbuki işğaldan öncə Kəlbəcərdə bir dənə də olsun erməni ailə yaşamırdı. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Bütün bu vandalizmə, işğala Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi son qoymuş oldu.. Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır. Ulu əcdadlardan bizə mirasdır. Müqəddəs əmanətə sahib çıxacaq, işğal altında olan bütün əraziləri azad edəcək, torpaqlarımızı üçrəngli bayrağımızın kölgəsində birləşdirəcəyik. Bu bizim şəhidlərimizə və əcdadlarımıza borcumuzdur. Bizim olan bizimdir, Qarabağ Azərbaycandır!
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı