
Otuz ilə yaxın bir müddət idi ki, hər bir azərbaycanlının ürəyində bir həsrət, bir yanğı vardı – bu, Qarabağ həsrəti idi. O torpaqlardan didərgin düşmüş insanların gözlərində daim bir kədər, bir intizar yaşayırdı. Lakin heç kim ümidini itirmədi. Çünki hər birimizin içində doğma yurd yerlərinə qayıdışın, azadlığın və qələbənin inamı var idi. Nəhayət, 2020-ci ilin şanlı Vətən müharibəsi bu inamı reallığa çevirdi və illərlə həsrətində olduğumuz torpaqlar, o cümlədən mədəniyyət beşiyimiz – Şuşa azad edildi.Şuşa bizim üçün sadəcə bir şəhər deyil, milli kimliyimizin, mədəniyyətimizin, musiqimizin və tariximizin rəmzidir. Bu şəhər Azərbaycan xalqının yaddaşında, poeziyamızda və musiqimizdə xüsusi yer tutur. Qarabağın tacı sayılan Şuşa həm də Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın, Cabbar Qaryağdıoğlunun və daha neçə-neçə böyük şəxsiyyətin vətənidir. Ona görə də, bu müqəddəs torpağın işğaldan azad olunması təkcə hərbi qələbə deyil, həm də mənəvi dirçəliş, ruhun azadlığı idi.Uzun illər boyunca Şuşanın adını yalnız xəbərlərdə, xatirələrdə və mahnılarda eşidirdik. Bəzən yaşlı nənə-babalar o yerləri göz yaşları ilə xatırlayır, gənclər isə o torpaqları yalnız şəkillərdə görürdülər. Amma indi biz artıq həmin torpaqlara qayıtmışıq. Qayıtmışıq ki, dağıdılmış şəhəri yenidən dirildək, tariximizi bərpa edək, gələcək nəsillərə əzəmətli bir Şuşa miras qoyaq.Şuşaya qayıdış təkcə bir fiziki dönüş deyil, həm də mənəvi yenilənmədir. İndi hər bir azərbaycanlı Şuşaya səfər edərkən orada bir tarixin nəfəsini duyur, şəhidlərimizin ruhuna dua edir, bu torpaqlarda qazanılmış qələbənin dəyərini daha dərindən anlayır. Qırx dörd günlük müharibənin qəhrəmanları, şəhidlərimizin qanı ilə alınan bu torpaqlar bizim üçün ən müqəddəs məkana çevrilib.Bu gün Şuşa yenidən canlanır. Küçələr bərpa olunur, tarixi binalar öz əvvəlki görkəminə qaytarılır, musiqi səsləri yenidən dağlarda əks-səda verir. Xarıbülbül festivalı kimi tədbirlərin keçirilməsi Şuşanın əvvəlki mədəni həyatını bərpa edir. İnsanlar yenidən o yerlərdə toy-bayram edir, uşaqlar azadlıq havasını doyunca udurlar.Şuşaya qayıdış eyni zamanda Azərbaycanın gücünü, birliyini və iradəsini nümayiş etdirir. Biz bir xalq olaraq göstərdik ki, torpaq sevgisi, vətənə sədaqət və milli ruh qarşısında heç bir güc dayana bilməz. Bu qayıdış bizə tariximizə, kimliyimizə və gələcəyimizə sahib çıxmağın nə qədər vacib olduğunu xatırlatdı.Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər: “Biz artıq Şuşadayıq!” Uzun illər davam edən ayrılıq sona çatdı. İndi Şuşa azaddır, Vətən bütövdür. Bu azadlıq hissi bizim qəlbimizdə sonsuza qədər yaşayacaq.
Günel Nəsibova,
Yeni Azəraycan Partiyası,məsləhətçi



