Biz tarixi ədaləti bərpa etmişik

Xalqımız erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştrakı ilə Xocalıda törətdiyi bu faciəni heç vaxt unutmadı unutmayacaq. Xocalı Ermənistanın ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, departasiya və etnik təmizləmə siyasəti aparıb. Bu soyqırım dünyanın gözü qarşısında baş verdi.
Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.
Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdi. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Lakin biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Çünki Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.
Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Bu tarixi qayıdışın nəticəsidir ki, Xocalıda Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleksin təməli qoyulub. Belə bir gündə Xocalı əhalisi ilə birlikdə olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Cənab prezident Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır olduğunu, ancaq Memorial Kompleksin tikintisinin hər il təxirə salındığını bildirdi. O bildirdi ki, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi