İnsanları birləşdirən, xalqlar arasındakı sülh və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən bədən tərbiyəsi və idmanın tarixi çox qədimdir. Cəmiyyətin ümumi inkişafına mühüm təsir göstərən bir sıra kəşflər, o cümlədən ox və kamanın ixtirası uzaq daş dövrünə aiddir. Hələ Azərbaycanda eramızdan əvvəl IV-II minillikləri əhatə edən tunc dövründə insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qədim Qobustanın qayaüstü yazıları bu baxımdan olduqca maraqlıdır. Oradakı sərt qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir etməsi baxımından diqqəti cəlb edir. Azərbaycan dövlətinin müstəqillik qazanması nəticəsində Azərbaycan idmançıları Olimpiya Oyunlarına daha da yaxınlaşdı və birmənalı iştirakçısına çevrildi. Bundan başqa, Azərbaycanda Milli Olimpiya Komitəsinin yaradılmasına qərar verilib. 1992-ci ildə yaradılan Azərbaycanın Milli Olimpiya Komitəsi (AzMOK) artıq öz fəaliyyətilə dünyada özünü təsdiqləyib. 1992-ci il Azərbaycan olimpiyaçılarının yeni nəslinə yol açdı. Deyərdik ki, olimpiya qaranquşlarımız üzü dünyaya səmt götürdü. Azərbaycan həmin il Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil oluna bilməsə də, birləşmiş komanda tərkibində bu oyuna qatıla bildi. Müstəqilliyimizin ilk bir ilində ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində Olimpiya Oyunlarında iştirak etməli oldu. Bununla belə, Barselona Oyunları Azərbaycanın olimpiya tarixinin yeni səhifəsi oldu. Bu oyunlarda Azərbaycan bayrağı qaldırıldı, himni səsləndi. Barselona Oyunlarından sonra Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirdi, Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşuldu. Məlumdur ki, Olimpiya Hərəkatı yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmır. Ölkədə Olimpiya Hərəkatı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Araşdırmamız zamanı bəlli oldu ki, 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəlib. Ekspertlər bildirir ki, ümumiyyətlə, 1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Hazırda ölkəmizdə idmanın bir çox növləri durmadan inkişaf edir həmçinin bu idmanların içərisində də bir çox döyüş sənəti də var ki, gənclərin marağına səbəb olur. Bu idmanlardan güləş, boks, taekvondo, cüdo, ciu-citsu kimi idman növlərini göstərə bilərik. Hətta torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən mübarizələrdə düşmən üzərində edilən qələbələrdə əlbəyaxa döyüş növlərindən Ciu-Citsu kimi idman növünün də düşmən ilə gedən əlbəyaxa döyüşdə köməyi olmuşdur. Bu da ciu-citsu idman növünün ölkəmizdə inkişafı ilə bağlıdır. Bunlar hamısı ölkə başçımızın idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir. Əlbəttə ki, bu deyilənlərlə birmənalı olaraq razılaşmalıyıq. Çünki qısa bir zaman ərzində Azərbaycanın olimpiyaçıları bizim xalqın, dövlətin şöhrətini aləmə yayıb. Dünyanın dörd ildən bir yaşadığı böyük idman festivalı Azərbaycan idmançılarının iştirakı ilə də zənginləşir, daha da maraqlı olur. Biz gözəl idman yarışları, gözəl təşkilatçılıq və ən əsası, gəncliyin, təcrübənin, insan imkanlarının nəticələrini bu yarışların timsalında görürük. Olimpiada bir sevincdir, insan gözəlliyini, qabiliyyətini göstərmək imkanıdır. Hər bir müstəqil ölkə kimi, Azərbaycan da bu yarışda özünün ən yaxşı idmançıları ilə iştirak edir. İldən-ilə olimpiadaya göndərdiyimiz lisenziyalı idmançıların sayı artır, yüksək nəticələr əldə olunur. Təbii, ən güclü idmançılar qalib gəlirlər. Azərbaycan, digər sahələrlə yanaşı, bir idman ölkəsinə çevrilib. İnanırıq ki, idman ölkəsi Azərbaycan hər zaman qaliblər sırasında, yüksək mərtəbədə duracaq. Azərbaycan idmançıları, uğurlarınızı gözləyirik.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı