
“Bu gün hər bir bələdiyyə fəaliyyətində Prezident Adminstrasiyasının Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının dəstəyini hiss edir. Qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsində isə Milli Məclisin Regional məsələlər Komitəsinin danılmaz xidməti vardır. Bu qurumlar bələdiyyə sahəsində idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional potensialının güclənməsinə və fəaliyyət istiqamətlərinin genişlənməsinə mühüm töhfə verməkdədirlər. Bu gün bələdiyyələrin fəaliyyəti ilə bağlı qəbul edilmiş çoxsaylı qanunlar, əsasnamələr və normativ hüquqi aktlar dövlətin yerli özünüidarəetməyə göstərdiyi sistemli qayğının bariz ifadəsidir”.
“Victorytime.az ” Belediyye.info-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Məclisin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında deyib.
Assosiasiya sədrinin sözlərinə görə, 2025-ci ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, onların fəaliyyətinin təşkilinə metodoloji dəstəyin gücləndirilməsi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin və regional idarələrin diqqət mərkəzində olub:
“Bu qurumların bələdiyyələrə olan münasibəti son iki il ərzində bir xeyli müsbət istiqamətdə dəyişib. Göründüyü kimi, hesabatda daha çox pozitiv məqamlar da yer alıb. Bütün bunlarla yanaşı bələdiyyələrin büdcə gəlirlərinin artması, bununlada formalaşdığı ərazilərdə vətəndaş məmnunluğunun təmin edilməsi hər bir bələdiyyədən büdcə gəlirlərinin artırılmasını tələb edir. Lakin hər bir rayonda, o cümlədən Nərimanov rayonun sənədsiz əmlakların mövcudluğu nəticə etibarilə bələdiyyənin büdcə gəlirlərinin artımına neqativ təsir göstərməkdədir. Sənədsiz əmlakların sənədləşdirilməsi ilə bağlı addımların atılması nəticədə bələdiyyələrin büdcə gəlirlərinin artmasına səbəb ola bilər.
Bununla yanaşı 26 illik fəaliyyəti dövründə “Bələdiyyə günü” təsis edilməsi bələdiyyələrin fəaliyyətinə əlavə stimul ola bilər. Bu gün hər bir peşə sahibi ilə bağlı peşə bayramının təsis edildiyini nəzərə alsaq, odur ki, bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var”.



