Analitika

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri qarşılıqlı münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək

Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun 2-3 may 2007-ci il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən  Azərbaycan və Belarus prezidentləri tərəfindən 28 noyabr 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir. Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan və Belarus arasında ticarət fəaliyyəti də var, 270-dən çox müəssisənin iştirakı ilə 300-dən çox malın qarşılıqlı təchizatı həyata keçirilir. Əllidən çox Azərbaycan şirkəti Belarus müəssisələrində qanuni nümayəndəlik kimi təmsil olunurlar. Azərbaycanda Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar da var. Azərbaycandan Belarusa neft məhsulları, polietilen, digər kimyəvi məhsullar, şokolad məmulatları, meyvə şirələri, bentonit, gil, pambıq, iplik, alüminium materialları ixrac olunur. “Belarusdan isə Azərbaycana traktor, ağac materialları, qazma maşınlarının ehtiyat hissələri, elektrik naqilləri, qida və kənd təsərrüfatı məhsulları, dərman preparatları və digərləri gətirilir. Belarus Prezidentinin Bakıda Prezident İlham Əliyevlə həm təkbətək danışıqları, həm də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirildi. Prezidentlər ticari, iqtisadi əlaqələrin genişləndirilməsindən, sənaye və kənd təsərrüfatı sahəsində gələcək perspektivlərdən danışdılar. Ümumiyyətlə, bir sıra aktual məsələlər nəzərdən keçirildi. Danışıqların digər mövzusu, təbii ki, beynəlxalq platformada hər iki ölkənin bir-birinə dəstək verməsi və əməkdaşlıq məsələsi idi. Həmçinin qlobal və regional məsələlər ətrafında müzakirələr aparıldı. Bu gün baş verən hadisələr – Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazda olan gərginlik və bir sıra problemlərin həlli istiqamətində atılan addımlar həm Belarus, həm Azərbaycan üçün çox mühüm olduğundan bu proseslərin təhlili də böyük əhəmiyyət daşıyır. Aleksandr Lukaşenkonun da qeyd etdiyi kimi, bizim elə bir qapalı mövzumuz yoxdur, hər şey açıqdır. Həm Azərbaycan tərəfi, həm Belarus dünyada baş verən prosesləri yaxşı dərk edir və buna uyğun olaraq da qarşılıqlı ünsiyyət qurulur.
Lukaşenko həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib. Yəqin ki, bu istiqamətdə də addımlar atılacaq.  Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri qarşılıqlı münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button