Belarus-Azərbaycan əlaqələri müsbət dinamika ilə inkişaf edir
Belarus Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 11 iyun 1993-cü il tarixində qurulmuşdur. İkitərəfli əlaqələr əsasən prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır. 14 aprel 2021- ci il tarixində prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində Belarus və Azərbaycan arasında bir sıra sənədlər imzalamışdı. İmzalanmış sənədlər arasında ən vacib sənədlərdən biri “energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” olmuşdur. İkitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir. Bu kontekstdə rəsmi Minsk ölkəmizin Hərbi Hava Qüvvələrinin arsenalında olan “S-125 Peçora” və “Osa” tipli zenit raket komplekslərinin modernləşdirilməsində aktiv rol oynayıb. BMT-nin Adi Silahlar Registrinə (United Nations Register of Conventional Arms) istinadən Azərbaycan Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa və 11 ədəd SU-25 döyüş təyyarəsi almışdır. Xatırlatmaq yerinə düşər ki, İskəndər taktiki ballistik raket sistemlərinin Ermənistan tərəfindən əldə edilməsindən və bu sistemlərin 2016-cı ildə keçirilən hərbi paradda nümayiş olunmasından sonra, Azərbaycan regionda hərbi balansı qorumaq məqsədi ilə Belarusdan “Polonez” əməliyyat-taktiki raket kompleksi almışdır.
Son illər ərzində Belarus-Azərbaycan ikitərəfli əlaqələri daha da inkişaf etməyə başlamışdı. 2020-ci ildə Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 447,1 milyon dollar olmuşdur. Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur. Belarus Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edir. Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, spirtli içkilər (şərab), fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçalar idxal olunur. Bundan başqa da əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda Belarus traktorlarının yığımı həyata keçirilirdi.
Belarus KTMT üzvüdür və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Artıq Dağlıq Qarabağ müharibəsi başa çatmışdır və Belarus həm MDB, həm də KTMT üzv dövləti olaraq Ermənistan-Azərbaycan arasında sülh prosesinin sürətli inkişafına öz töhfəsini verə bilər. Aydın məsələdir ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırmışdır. Belə ki, Belarus prezidenti Aleksand Lukaşenko da ölkəsinin post-konflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı