Bayraq hər bir xalqın mənəvi – siyasi və mədəni birliyinin timsalıdır
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun tarixi ərazisi Cənubi Qafqazın Şərq, İranın şimal-qərb hissəsini əhatə edir. Azərbaycan ərazisində yaranmış ilk dövlətlərin rəmzlərinin formalaşması və inkişafı böyük tarixə malikdir. Azərbaycanda ilkin bayraqların meydana gəlməsi eramızdan əvvəlki əsrlərə aid olmuşdur. Hökmdarların hakimiyyətinin rəmzi mənasını daşıyan, ağ sapa taxılmış və heyvan təsviri ilə bəzədilmiş, tunc dövrünə aid ilk bürünc bayraqlar (ştandartlar) Azərbaycanda arxeoloji qazıntılar zamanı Şəmkir və Şəki rayonlarında tapılmışdır. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanda orta əsrlərdə bayraq müxtəlif adlarla sancaq, tuğ, buncuq, ələm kimi tanınmışdır. Bu adlara “Kitabi Dədə Qorqud” dastanında da rast gəlinir, döyüşçülər həmin rəmzləri hər vaxt öndə daşıyırdılar. Hər bir xalq öz rəmzlərinə sadiqdir,çünki bunlar xalqın mövcudluğunun təcəssümü kimi özündə onun ən ali, ən müqəddəs dəyərini yaşadır.
Hər bir dövlətin əsas atributu sayılan bayraq müqəddəs anlam daşıyaraq, xalqın mənəvi – siyasi və mədəni birliyinin timsalıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan bu bayraq bizim azadlıq məfkurəsini, milli mənəvi dəyərləri və ümumbəşəri ideyaları nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. 1991-ci ilin fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
“Kim Azərbaycanı sevirsə, kim Azərbaycanı müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”
Ulu Öndərin layiqli davamçısı olan Ali Baş komandan İlham Əliyev və onun ətrafında birləşən ordu və xalq” Dəmir yumruq”olaraq Ulu öndərin bu sözlərini unutmadılar və 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyaraq şanlı üçrəngli bayrağımızı Qarabağda dalğalanırdı.
Leyla Fətəliyeva,
YAP-ın fəalı