Bayraq ilk növbədə hər bir xalqın, hər bir dövlətin qürur mənbəyidir. Bu qürur ilk növbədə ondan irəli gəlir ki, hər bir dövlətin bayrağında onun tarixini əks etdirən rəmzləri, simvolları əks olunur. Əbəs yerə deyil ki, dövlət bayrağı deyəndə biz hamımız ayağa qalxır, onun yüksəlişini fərəhlə müşahidə edirik. Dövlət bayrağı qarşısından ölkə rəhbərləri, əsgərlər əzmlə keçirlər. Bütün bunlar bir daha onu təsdiq edir ki, dövlət bayrağı hər bir xalq üçün, eləcə də biz azərbaycanlılar üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarixlər boyunca saxlayır. Öz tarixi keçmişini xatırlayan, onu hifz edən xalq əlbəttə ki, dövlət bayrağını da bütün varlığı ilə sevir. Məhz bizim dövlət bayrağımızı, Müstəqil Azərbaycanımızın dövlət bayrağını ilk dəfə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırdı. Əslində bununla bir daha sübut olundu ki, Azərbaycan xalqı öz mübarizliyi və əzmkarlığı sayəsində keşməkeşli, qürurlu tarixini unutmayıb. Məhz o zamandan – ulu öndər Heydər Əliyevin qətiyyətli addımından sonra Azərbaycanın üçrəngli bayrağı yenidən xalqımızın, Ana Vətənimizin başının üstündə qürurla, əzmlə, dalğalanır. Dövlət bayrağımız nəinki Azərbaycan, eləcə də dünyada yaşayan 50 milyondan artıq azərbaycanlı üçün azərbaycançılıq atributudur. Harada olursansa ol, hansı xarici ölkəyə gedirsənsə get, orada yaşayan soydaşlarımız müqəddəs bayrağı öz başı üzərindən asaraq Vətəninə olan sevgisini nümayiş etdirir. Çox xoşbəxt və qürurluyuq ki, üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Qarabağımızın göz bəbəyi olan Şuşamızda, Xankəndində qürurla dalğalanır. Hər birimizə sonsuz sevinc, qürur və fərəh hissi bəxş edən bu zəfərlərin memarı Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Şanlı Ordumuz, qəhrəman əsgərlərimiz qanı, canı bahasına torpaqlarımızı azad edir, üçrəngli bayrağımızı dalğalandırır.
Vəfa Əliyeva,
18 saylı uşaq poliklinikasının baş həkimi