Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır
Təzad, ümumiyyətlə, dünyaya xas olan fenomendir. Ümumi halda uyğunsuzluğu, daha doğrusu, hansısa hadisəni və ya hadisələr toplusunu vahid rasionallıq çərçivəsində ziddiyyətsiz izah etmənin mümkünsüzlüyünü ifadə edir.
Təzad fəlsəfədə geniş istifadə olunan anlayışlardandır. Böyük V.Hegel də dialektikanın qanunlarında bu anlayışdan yararlanmışdır. Təzadlı məqamlara dövlətlərin fəaliyyətində, fəlsəfədə və politologiyada tez-tez rast gəlmək olur.
Təzadlı situasiyalar bir sıra hallarda hansısa prosesə və ya onların sisteminə yeni baxışların formalaşmasını motivə edir. Və yaxud təzadlı hallardan daxili ziddiyyətləri aradan qaldırmağa xidmət edən yanaşmalar elmi perspektivli hesab olunur. Bu mənada, öz fəlsəfi və elmi nailiyyətləri ilə Qərbin öyünməyə haqqı vardır. “Qoca qitə” dünyaya çox sayda elm, mədəniyyət, siyasət, humanist ruhlu dahi insanlar bəxş etmişdir. Bununla yanaşı, müasir dünyanın ən eybəcər olayları da məhz oradan qaynaqlanır. Yüksək fəlsəfi və elmi bazaya malik və dünyanın ən inkişaf etmiş bir məkanında o qədər təzadlar və onların ziddiyyətləri mövcuddur ki, buranın, doğrudan da, Avropa demokratiya və liberalizm məkanı, olduğuna şübhə edirsən. Təzadlı Avropa ağılsız Avropa təsiri bağışlayır. Keçən ilin yayında isə məhz Azərbaycanın təşəbbüsü və birbaşa fəaliyyəti sayəsində yeni müstəmləkəçiliyə qarşı Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılmışdır. XXI əsrin insan və mədəniyyət yüzili kimi obrazına tam uyğun olan zərurətdir! Çünki indi qlobal miqyada demokratiya, insan haqları, liberalizmdən danışanlar dünyanı haqq və hüquq məsələində iki düşərgəyə bölə bilməzlər. Dünyanın “ağ” və “qara” rəngi Qərbə sərfəli və ya sərfəsiz olmaq kriteriyası ilə artıq müəyyən oluna bilməz. Hər yerdə və hər zaman obyektiv demokratiya, haqq və hüququn tərəfsiz, universal qaydalara görə təmini olmalıdır. İlham Əliyev müxtəlif platformalarda müstəmləkəçiliyə, xalqların hüquqlarının pozulmasına və ədalətsizliyə qarşı güclü məntiqi və fəal praktiki addımlarla mübarizə aparır. Bütün dünya xalqları üçün faydalı olan təşəbbüslər irəli sürür. Bu prosesin iki mühüm fərqli əlaməti özünü göstərir. Birincisi, İlham Əliyev Cənubi Qafqaz regionu çərçivəsində bölgənin lider dövlətinin başçısı kimi, sabitlik, hüququn təmini, etibarlı təhlükəsizlik və qarşılıqlı fayda verən əməkdaşlıq naminə çoxşaxəli fəaliyyət göstərir. Etiraf edilməlidir ki, bu fəaliyyət öz praktiki nəticəsini verir və regional sabitlik qalır. Təhlükəsizliyin təmini üçün də “3+3” formatı üzrə birgə fəaliyyət platformasını irəli sürən İlham Əliyev onun realllaşması üçün titanik diplomatik və siyasi iradə nümayiş etdirir. Beləliklə, əmin oluruq ki, Azərbaycanın təşəbbüsü dərin və geniş geosiyasi, bəşəri və siyasi-mədəni reallıqların əsaslı təhlili sayəsində çıxarılan nəticələrin fonunda yaranmışdır.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı