Azərbaycanın yaşıl enerji gündəliyi günün ən aktual məsələlərindəndir

Azərbaycanın neft-qaz sənayesinin inkişafı və Bakının enerji siyasətinin şaxələndirilməsi ilə yanaşı Xəzər neft-qaz sərgisi də genişlənib və şaxələnib. Ötən ildən başlayaraq “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən “Beynəlxalq Xəzər neft və qaz sərgisi”, “Xəzər Beynəlxalq energetika və yaşıl enerji sərgisi” və “Bakı Enerji Forumu” neft, qaz və energetika sahəsinin yüksək ixtisaslı aparıcı mütəxəssislərinin görüşdüyü, memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Azərbaycan müstəqilliyə qədəm qoyduğu ilk illərdə imzalanan “Əsrin müqaviləsi” o zaman ölkəmizdə vəziyyəti kökündən dəyişdi, iri həcmli sərmayələr cəlb edildi, iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi, neft-qaz sektorunda imkanlar ildən-ilə genişləndi, yeni-yeni layihələrin icrası gündəmə gətirildi. Dövlət başçımızın təşəbbüsü ilə yaradılmış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Enerji təhlükəsizliyindən danışarkən ölkə rəhbərimiz vurğuladı ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və milli təhlükəsizlik gündəliyində başlıca yeri tutur. Bu gün dünyada baş verən proseslər Avropanın Azərbaycan qazına və “yaşıl enerji”sinə daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlət başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır. Hazırda Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Bərpaolunan enerji sahəsində görülən işlər, Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanı da yaşıl enerji zonasına çevirmək istiqamətində atılan addımlar, Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabel layihəsi təşəbbüsü təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlara töhfəmizdir. Enerji resurslarına görə regionun aparıcı ölkəsi olan Azərbaycan bu mövqeyini yaşıl enerji sektorunda da qoruyacaq. Bu, düşünülmüş və gələcəyə hesablanmış təhlükəsiz enerji siyasətidir. İrəli sürülən bütün layihələr həm ekologiyanın qorunması, həm iqtisadi gücün təmin edilməsi, həm də ölkənin ümumi inkişaf səviyyəsinin yüksəldilməsini özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artıran önəmli amillərdən birinə çevrilmişdir. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və pan-avropa qaz təchizatçısı adlandırır. Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri, dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət dəyərləndirmələr Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Bu sərgi bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib tərəfdaşdır.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası , məsləhətçi