Azərbaycanın yaşıl enerji bazarında regional liderliyə iddialı olduğunu nümayiş etdirir

Bakı bu il yenidən beynəlxalq enerji gündəminin mərkəzinə çevrildi. İyunun 2-də start götürən Bakı Enerji Həftəsi təkcə regionun energetika potensialını nümayiş etdirməklə kifayətlənmədi, eyni zamanda dünya enerji siyasətinə dair ciddi strateji mesajların verildiyi platformaya çevrildi. Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxış bu mənada bir neçə istiqamətdə diqqət çəkdi: enerji təhlükəsizliyi, yaşıl keçid və diplomatik əməkdaşlıq.
Azərbaycan bu gün neft və qaz ehtiyatları ilə dünyanın əsas enerji təchizatçılarından biri kimi tanınır. Lakin qlobal iqlim çağırışları və enerji təhlükəsizliyi məsələləri klassik enerji siyasətlərini yenidən nəzərdən keçirməyi zəruri edir. Prezident Əliyev çıxışında qeyd etdi ki, ölkənin enerji siyasəti təkcə mövcud ehtiyatların istismarı deyil, eyni zamanda yeni texnologiyalar, alternativ enerji və dayanıqlı inkişaf prinsipləri əsasında yenilənir. Bu yanaşma Azərbaycanın uzunmüddətli vizionunun bir hissəsidir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan edilməsi, Azərbaycanın azad olunmuş ərazilərdə innovativ və ekoloji həssas enerji modeli qurmaq niyyətində olduğunu göstərir. Burada yalnız texniki inkişafdan deyil, eyni zamanda sosial, iqtisadi və ekoloji tarazlıqdan söhbət gedir. Xəzər dənizində planlaşdırılan külək enerjisi layihələri isə Azərbaycanın yaşıl enerji bazarında regional liderliyə iddialı olduğunu nümayiş etdirir.
Digər tərəfdən, Bakı Enerji Həftəsi diplomatik müstəvidə də böyük əhəmiyyət daşıyır. Dünya üzrə 30-dan çox ölkədən nümayəndə heyətlərinin və enerji şirkətlərinin Bakıda toplaşması, Azərbaycanın etibarlı tərəfdaş kimi tanındığının sübutudur. Prezident Əliyevin çıxışında tərəfdaşlıqların gücləndirilməsi və yeni əməkdaşlıq formatlarının yaradılmasına dair çağırışlar, Azərbaycanın təkbaşına deyil, qlobal enerji siyasətində kollektiv yanaşmaya üstünlük verdiyini ortaya qoydu.
Bu baxımdan Bakı Enerji Həftəsi sadəcə sərgi və forumdan ibarət texniki tədbir deyil, həm də siyasi və strateji mənada mühüm mərhələdir. Azərbaycan burada həm keçmiş nailiyyətlərini təqdim edir, həm də gələcəyə dair vizyonunu ortaya qoyur. Bu isə ölkənin enerji siyasətinin sadəcə bir resurs strategiyası deyil, milli maraqları və qlobal məsuliyyəti birləşdirən kompleks yanaşma olduğunu göstərir.
Gələcəkdə yaşıl texnologiyalara keçidin sürətlənməsi və enerji təhlükəsizliyi məsələlərinin daha da aktuallaşacağı nəzərə alınsa, Bakı Enerji Həftəsinin bu cür forumlar vasitəsilə verdiyi mesajlar həm region, həm də dünya üçün ciddi əhəmiyyət daşıyacaq. Azərbaycanın bu yolda tutduğu mövqe isə ona strateji üstünlük qazandırmağa davam edəcək.
Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi