Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir
Bildiyiniz kimi, bu il ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP-29 beynəlxalq konfrans ölkəmizin paytaxtı Bakıda keçiriləcəkdir. Bu qərarı bütün dünya ölkələri birlikdə qəbul edib və beləliklə Azərbaycana növbəti dəfə böyük etimad, böyük hörmət göstərilmişdir. Cənab İlham Əliyevin başçılığı ilə aparılan bu siyasət nəticəsində Azərbaycan çox güclü mövqelərə sahib olmuşdur. Dövlətimizə beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, eyni zamanda ölkə ərazisində suverenliyimizin tam bərpa edilməsi bizə olan hörməti daha da artırmışdır.
İlkin olaraq, bu beynəlxalq tədbirin nə anlama gəldiyi, mahiyyəti barədə məlumatı olmayanlar üçün onu qeyd etmək lazımdır ki, BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına tərəflərin konfransı olan COP konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri bu beynəlxalq tədbir çərçivəsində toplaşaraq, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadların aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlində, sonuncu toplantısı isə ötən il Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən son Dubay toplantısı BMT-nin tarixində ən geniş miqyaslı tədbir kimi tarixə düşdü. Konfrans çərçivəsində təşkil edilmiş zirvə toplantısında ilk dəfə olaraq cənab İlham Əliyev də iştirak etmişdir.
Acı həqiqətdir ki, anti-terror əməliyyatından sonra bəzi qərb ölkələri Azərbaycana hər qələbəmizdə, uğurumuzda olduğu kimi əsassız ittihamlar irəli sürdülər. Onların içində ənənəvi olaraq yer alan Fransa bununla barışmaq fikrində deyil. Halbuki, Ermənistanın belə COP-29-dan Azərbaycan naminə geri çəkilməsi bu vəziyyətlə barışdığını göstərir. Lakin hələ də Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Hər bir halda onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar. Bəzən beynəlxalq birlik, beynəlxalq aləm anlayışları qərbdə məqsədli şəkildə təhrif edilir. Onlar artıq bunu dərk etməlidirlər ki, beynəlxalq birlik 30-40 ölkədən ibarət deyil, dünyanın bütün ölkələridir və bu ölkələr Azərbaycana yekdilliklə öz dəstəyini göstəriblər.
Təbii ki, COP-29 kimi irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi bizim üzərimizə böyük məsuliyyət qoyur. Lakin bu Azərbaycanın beynəlxalq platformada ilk sınağı, ilk işi deyildir. Dövlətimiz həmçinin dünyanın 120 ölkəsinin dəstəyi ilə Qoşulmama Hərəkatına 5 il ərzində müvəffəqiyyətlə sədrlik etmiş və növbəti sədrliklərə uğurlu miras buraxmışdır. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur. Ölkəmizin 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan prezidentinin növbəti uğuru və qələbəsidir.
Samir Quliyev,
Bakı Şəhər Statistika İdarəsinin əməkdaşı,
YAP Nizami rayon təşkilatının üzvü