Analitika

Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının bayramıdır

“Dünyada və Avrasiya məkanında cərəyan edən proseslər Türk dövlətlərinin maraqları kontekstindədir. Qeyd etmək lazımdır ki, son illlərdə Türk dövlətlərinin bir-birinə inteqrasiyası prosesi sürətlənib. Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsi Türk Dövlətləri Təşkilatının dünyanın siyasi düzənində müstəsna rol oynayacağına böyük ümidlər yaradır”.

Bunu “Victorytime.az”a açıqlamasında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev deyib.

Ramil Mehdiyev bildirib ki, əsrlər boyu geniş bir ərazidə mövcud olan tarixi, etnik və dini bağlarla sıx əlaqədə olan Türk dövlətlərində 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Azərbaycan Türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısının məhz Şuşada keçirilməsi də bir daha təsdiq edir ki, Şuşa təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli şəhərdir. Bugün Şuşanın azadlığı və belə mühüm bir toplantıya ünvan olması Azərbaycan vətəndaşları qədər türk dünyası üçün də bir bayramdır. Deyə bilərik ki, Qarabağ Zəfəri türk dünyasının birləşməsində çox mühüm bir prosesi başlatdı. Azərbaycan xalqı öz zəfərinin sevincini indi daha çox yaşayır və qürur duyur ki, Azərbaycan siyasətdə, hərbidə olduğu kimi, mədəniyyət sayəsində də həmişə öz imazası ilə var olub və inanırıq ki, həmişə belə olacaq.

Oxşar Xəbərlər

Back to top button