Azərbaycanın Qazaxıstanla energetika sahəsində əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır
Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində də əlaqələrin çoxillik tarixi var. Belə ki, hələ keçmiş sovetlər dönəmində Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlaq və Quryev neft mədənlərində qazaxlı həmkarları ilə birgə fəaliyyət göstəriblər. Eyni zamanda Azərbaycan və Qazaxıstandan olan neftçilər, geoloqlar və mühəndislər Xəzər akvatoriyasında yerləşən perspektivli sahələrin araşdırılmasında da fəal əməkdaşlıq ediblər. Xatırladaq ki, iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə dost və qardaş ölkələrin iştirakı ilə 1999-cu ildə Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Ötən müddətdə komissiyanın 19 iclası keçirilib. Həmin iclaslarda iki ölkə arasında ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti müzakirə olunub, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müəyyənləşdirilib. Azərbaycanın Qazaxıstanla energetika sahəsində əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Xatırladaq ki, hələ Prezident İlham Əliyevin 2004-cü ildə Qazaxıstana ilk rəsmi səfəri zamanı bu ölkənin o zamankı dövlət başçısı Nursultan Nazarbayevlə ölkələrimiz arasında iqtisadi münasibətlər, xüsusən də, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdı. 2006-cı ildə isə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı–Tbilisi–Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə imzalanmışdı. Artıq bu ilin mart ayından başlayaraq qazax neftinin Azərbaycan ərazisindən, Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlanılıb. Martın 23-də Qazaxıstan neftinin ilk partiyası tankerlə Aktau limanından Səngəçal terminalına çatdırılıb. Ayın 27-də isə “KazTransOil” şirkəti Aktau limanında “Prezident Heydər Əliyev” tankerinə 9959 ton “Tengiz” nefti yükləyərək BTC kəməri ilə nəql edilməsi üçün Azərbaycana yola salıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri isə ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm tərkib hissəsi sayılan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Belə ki, səfər çərçivəsində dövlət başçılarının keçirdikləri məhdud və geniş tərkiblərdə görüşlər zamanı iki ölkə arasında nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri ilə yanaşı, Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı da müzakirə olunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırda enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsinin ölkəsi üçün prioritet vəzifə olduğunu diqqətə çatdıraraq deyib: “Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib. Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir. Fürsətdən istifadə edib bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın lideri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm”. Azərbaycanın dövlət başçısı İlham Əliyevin bəyanatında səsləndirdiyi fikirlər də bu baxımdan diqqət çəkir: “Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar, o cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar bu gün artıq reallaşır”. Yeri gəlmişkən, bir qədər əvvəl, aprelin 7-də Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının nəticələri ilə bağlı imzalanmış protokolda da Azərbaycanın öz ərazisi vasitəsilə Qazaxıstan neftinin dünya bazarlarına daşınmasının həcmini artırmağa hazır olduğu bildirilib. Qazaxıstan Baş nazirinin müavini–ticarət və inteqrasiya naziri Serik Jumanqarinöz isə ötən cümə günü Bakıda jurnalistlərələ söhbət zamanı deyib ki, hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri 40 faiz yüklənib. “Orada hələ də təxminən 20 milyon ton mümkün ötürmə gücü qalmaqdadır. Və bu, prinsipcə, birgə əməkdaşlıq çərçivəsində hədəflədiyimiz həcmdir”, – deyə o, əlavə edib. Qazaxıstan neftinin BTC vasitəsilə nəqlinə başlanılması isə öz növbəsində ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından xəbər verir. Eyni zamanda bu sahədə əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya ilə energetika sahəsində əlaqələrin yaradılmasına təkan verəcək.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı