AnalitikaGündəmSiyasət

Azərbaycanın nəqliyyat sektoru sürətlə inkişaf edir və regionda strateji əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin 28 yanvar 2025-ci il tarixində keçirdiyi müşavirədə verdiyi bəyanatlar ölkənin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni mərhələyə keçidini göstərir. Son illərdə həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinə baxmayaraq, Bakı şəhərində və digər bölgələrdə nəqliyyat problemlərinin davam etməsi yeni yanaşmaların və strateji planların tətbiqini zəruri edir. Bakı şəhərinin sürətlə artan əhalisi və nəqliyyat yükü, infrastrukturun mövcud imkanlarının bu artımı tam şəkildə qarşılamasına mane olur. Dövlət tərəfindən son illər ərzində mühüm layihələr həyata keçirilib: yeni metro stansiyaları, yol qovşaqları, körpülər və tunellər inşa olunub. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni dövlət proqramının qəbul edilməsi və tətbiqi şəhərdə nəqliyyat axınının tənzimlənməsi üçün zəruridir.

Azərbaycanın nəqliyyat sektoru sürətlə inkişaf edir və regionda strateji əhəmiyyət kəsb edir. Yeni layihələrin həyata keçirilməsi, xüsusilə də dövlət proqramları vasitəsilə şəhər nəqliyyatının tənzimlənməsi və beynəlxalq dəhlizlərin daha səmərəli idarə olunması, ölkənin uzunmüddətli iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək.

Azərbaycanda nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev, dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı da bəzi önəmli layihələri qeyd etdi. Sumqayıt-Yalama dəmir yolunun tikintisinin 80 faizinin artıq başa çatdığını və Bakı-Qəbələ dəmir yolunun uğurla inşa edildiyini diqqətə çatdırdı. Bununla yanaşı, Azərbaycanın hava nəqliyyatı sahəsində də böyük irəliləyişlər əldə edilib. Son 20 ildə səkkiz beynəlxalq hava limanı inşa edilmiş, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksinin inşası ilə bağlı işlər davam edir. Dəniz nəqliyyatı sahəsində də irəliləyişlərdən söz açan Prezident, yeni Dəniz Ticarət Limanının inşasının vacibliyini qeyd etdi. Həmçinin, Bakıda gəmiqayırma zavodunun inşasının uğurlu bir layihə olduğunu vurğuladı.

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına da xüsusi diqqət yetirilib. Burada həyata keçirilən layihələrin sürətlə icra edilməsi, regionun gələcəkdəki iqtisadi və sosial inkişafına mühüm töhfələr verəcəkdir.

Bakı və ətraf bölgələrdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni bir dövlət proqramının qəbul ediləcəyini bildirən Prezident İlham Əliyev, bu sahədə Azərbaycanın gələcək perspektivlərinin çox ümidverici olduğunu qeyd etdi. Bu proqram, Bakı şəhəri və ətraf ərazilərin müasir nəqliyyat infrastrukturu ilə təmin olunmasına və ölkənin bütün bölgələrində daha da sürətli inkişafın təmin olunmasına imkan yaradacaqdır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button