Azərbaycanın layihələri və təşəbbüsləri Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib
“Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir ki, Serbiya da doqquzuncu ölkədir. Bu doqquz ölkənin də yeddisi Avropa ölkəsidir. Heç şübhəsiz ki, Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun da fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və bu sənədə əsasən, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artırılmalıdır: “Nəzərə alsaq ki, 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olubsa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Görünən odur ki, hazırda Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Azərbaycanın layihələri və təşəbbüsləri Avropanın və Asiyanın, bütövlükdə Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır, eləcə də uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Məhz bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir”.
“Baxmayaraq ki, Azərbaycanın zəngin neft və qaz resursları var, ölkəmiz perspektivini təmiz yaşıl enerjinin istehsalında və ixracında görür” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən də dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir. Beləliklə də, Azərbaycan Avrasiya məkanında həm də yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilir.