Analitika

Azərbaycanın həmin guşələri yenidən dirçələcək, işğaldan azad olunmuş ərazilərimizə həyat veriləcək

İşğal altında olan torpaqlarımızın düşməndən azad olunması uğrunda başlayan Vətən müharibəsinin hər günündə kənd, qəsəbə və şəhərlərimizin azad olunması xəbərini səbirsizliklə gözləyir, gələn xəbərlərlə sevincə qərq olurduq. Suqovuşan kəndinin, Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərinin, Xocavənd rayonun bir neçə kəndinin və Hadrut qəsəbəsinin düşməndən azad olunması hər kəsdə böyük coşqu, sevinc və fəxr hissi yaratmışdı. Növbəti Zəfər xəbərimiz də özünü çox gözlətmədən, Zəngilan zəfərindən cəmi beş gün sonra – 25 oktyabr 2020-ci il tarixində gəldi. Qubadlı şəhəri işğaldan azad olundu. Beləliklə, 27 illik Qubadlı həsrəti sona çatdı.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqladı, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan etdi. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açıldı, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başladı.

Vaxtilə işğal altında olan torpaqlarımızın düşməndən azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlara ərazinin coğrafi mövqeyi də ciddi təsir göstərirdi. Ali Baş Komandanın Qubadlıya ilk səfəri zamanı şəhərin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə  əsgərlərimizin şücaətini, cəsurluğunu vurğulayaraq bildirmişdir ki, “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib”.

Biz bu qələbəyə görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Zəfəri bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, işğaldan azad olunmuş ərazilərimizə həyat veriləcək.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button