Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir. Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Qlobal miqyasda məqsəd bərpaolunan enerji mənbələrinin 2050-ci ilə qədər enerji istehlakının üçdə ikisini və elektrik enerjisi istehsalının 86 faizini təmin etməsini tələb edir. Bu transformasiya, həmçinin dünya ÜDM-nin 2,5 faiz artımını və adi ssenari ilə müqayisədə qlobal məşğulluğun daha 0,2 faiz artımını təmin edəcək. Bərpaolunan enerji mənbələrinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa digər çoxsaylı faydalar da gətirə bilər.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı