AnalitikaGündəm

Azərbaycanın bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətləri də məhz bu prinsiplər üzərində qurulub

Qonşularla mehriban və dostluq münasibətlərinin qorunub saxlanılması son otuz ildə Azərbaycanın xarici siyasət doktrinasının əsas prinsiplərini təşkil edib. Azərbaycanın bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətləri də məhz bu prinsiplər üzərində qurulub. Bu səbəbdən də avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin səfəri dövlətlərimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun bir daha təsdiqidir. Səslənən bəyanatlar, verilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi hesab etmək olar.

Rusiya Prezidentinin səfəri hər mənada tarixi və əhəmiyyətlidir. Əvvəla, səfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə baş tutur. Hazırda da Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramlar həyata keçirilir. Ən əsası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir. Rusiya Prezidenti də bu gün Bakıda bəyan etdi ki, ölkəsi Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır.

Üçüncüsü, ölkələr arasında ticari-iqtisadi əlaqələri bundan sonra daha uğurla inkişaf edəcək. V.Putin 4 milyard dollarlıq ticarət-iqtisadi göstəricini yaxşı rəqəm hesab etsə də, bunun bizim imkanlarımızın potensialına uyğun gəlmədiyini xüsusi vurğulayıb. Bu da onu deməyə əsas verir ki, gələcəkdə bu rəqəm artacaq. Dördüncüsü, Rusiya lideri növbəti dəfə Azərbaycanın tolerant, bütün xalqlara və millətlərə eyni cür yanaşıldığını xüsusi qeyd edib. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan bütün xalqların hüquqlarının qorunub saxlanılmasını xüsusi qeyd edib.

Azərbaycan tək Rusiya ilə deyil, onunla problemlər yaşayan Ukrayna ilə də münasibətləri qoruyub saxlayır. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilib. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər. Azərbaycan dünyada dialoq məkanı kimi tanınır, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər.

Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan bütün qonşuları ilə heç bir fərq qoyulmadan mehriban, hərtərəfli münasibətlərin qorunub saxlanmasına yönəlik siyasətini davam etdirəcək.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button