2024-cü ilin 24 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident Əliyev çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinə sadiq qaldığını vurğuladı və ölkənin qlobal əməkdaşlıqda aktiv mövqeyini nümayiş etdirdi. Azərbaycan həm regional, həm də beynəlxalq platformalarda hərtərəfli əməkdaşlıq təşəbbüslərinə dəstək verir və bu yolla çoxtərəflilik prinsipinin beynəlxalq sabitlik üçün əhəmiyyətini ön plana çəkir.
Ölkənin beynəlxalq arenada qazandığı uğurlu təcrübəni paylaşan Prezident Əliyev Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini qeyd etdi. Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və diplomatik yanaşmalar ölkənin qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Bu təcrübə, Azərbaycanın BRICS+ platformasında da əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verə biləcəyini göstərir.
Azərbaycanın strateji yerləşməsinin yaratdığı üstünlüklərə toxunan Prezident Əliyev, ölkənin bölgənin əsas logistika mərkəzlərindən biri kimi fəaliyyət göstərdiyini vurğuladı. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir və bu dəhlizlər ölkənin nəqliyyat və logistika sektorunda müstəsna rol oynadığını nümayiş etdirir. Azərbaycan bu dəhlizlərin inkişafında fəal iştirak edir və qlobal ticarət axınlarının optimallaşdırılması üçün əhəmiyyətli töhfələr verir.
Prezident Əliyev çıxışında Azərbaycanın ekoloji davamlılığa verdiyi əhəmiyyətə də toxundu. O bildirdi ki, gələn ay Bakı şəhəri COP29 Beynəlxalq İqlim Konfransına ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycanda keçirilməsi, ölkənin iqlim dəyişikliyi və ətraf mühit məsələlərindəki qətiyyətli mövqeyini əks etdirir. Prezident Əliyev vurğuladı ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qoşulmağa və bu istiqamətdə mühüm təşəbbüslər göstərməyə davam edir.
Çıxışında prinsipial mövqe məsələsinə də toxunan Prezident Əliyev Azərbaycanın beynəlxalq hüquq normalarına və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qaldığını qeyd etdi. Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürülən ikitərəfli sülh gündəliyi çərçivəsində Azərbaycanın prinsipial mövqeyi ölkənin sülh və sabitliyə verdiyi əhəmiyyəti göstərir. Prezident Əliyev Azərbaycanın sülh təkliflərinə beynəlxalq dəstəyi yüksək qiymətləndirdiyini və bu istiqamətdə əməkdaşlığa davam edəcəyini bildirdi.
Azərbaycanın BRICS+ platformasında iştirakını və çoxtərəfliliyə əsaslanan xarici siyasətini diqqətə çatdıran Prezident İlham Əliyev, ölkənin qlobal və regional əhəmiyyətini təsdiq edərək, Azərbaycanın beynəlxalq əlaqələrdə güclü tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı