Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi getdikcə güclənir
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır və beynəlxalq mövqeləri güclənir. Ötən illər ərzində Azərbaycan dövləti Cənub Qaz Dəhlizini reallaşdırmaqla bu məsələnin gerçəkləşdirilməsinə bədbin yanaşanların fikirlərinin yanlış olduğunu göstərib, geniş əməkdaşlıq qurub, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamağa başlayıb. Bu isə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib, onunla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb.
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bir sıra xüsusi nüanslara toxunub. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsidir. Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı.
Azərbaycanın Avropanın əsas qaz tədarükçüsü kimi əhəmiyyətinin getdikcə artacağını vurğulayan Prezident İlham Əliyev hazırda bir neçə ölkə ilə danışıqlar aparıldığını diqqətə çatdıraraq gələcəkdə alıcılarımızın sayının coxalacağını bildirib. Bunun üçün isə ölkəmizin kifayət qədər qaz ehtiyatları var. Bu baxımdan dünyanın ən böyük qaz-kondensat yatağı olan “Şahdəniz”in rolu xüsusi qeyd olunur. Eyni zamanda, 2023-cü ildə istismara daxil edilmiş “Abşeron” yatağının birinci işlənmə mərhələsi çərçivəsində bu il 1,5 milyard kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Cari ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq.
Ölkəmizin potensialı sadaladığımız yataqlarla kifayətlənmir. Məlum olduğu kimi, bu il “Abşeron” qaz yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının verilməsi nəzərdə tutulur. Bu layihənin reallaşdırılması ilə “Abşeron” yatağında illik hasilatın həcmi 5 milyard kubmetrə çatdırılacaq. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı olduqca yüksək qiymətləndirilir.
Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanacağından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq.
Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi