Azərbaycanın aparıcı dövlətlərdən birinə çevrilməsində neft, qaz və yaşıl enerji sahələrində həyata keçirdiyi layihələrin böyük rolu vardır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2024-cü il martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. İclas zamanı Cənab Prezident çıxış etmiş və ölkəmizin gələcək planlarından, həyata keçiriləcək layihələrdən, gələcəyə aid böyük məqsədlərindən bəhs etmişdir. Bu planların içində gələcəyə yönəlik əməkdaşlıqlar və bu əməkdaşlıqların inkişafı xüsusi yer tutur. Ölkəmiz neft və qaz yataqları ilə zəngin olduğu üçün, neft və qaz ölkəsi olduğu üçün həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrin əksəriyyəti bu sahə ilə bağlıdır. Təbii ki, bununla da kifayətlənmək olmaz, çünki ölkəmizin coğrafi mövqeyi onun enerji sahəsində də inkişafı üçün əlverişli şərait yaradır.Enerji sahəsində Azərbaycanın dünya miqyasında böyük layihələri xüsusiylə diqqət çəkir. Bu böyük layihələrdən “Qara Dəniz Yaşıl Kabel”, Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri, ölkəmizin COP29 kimi böyük layihələrə ev sahibliyi etməsi böyük önəm kəsb edir. Azərbaycan müxtəlif sahələr üzrə müxtəlif ölkələrlə əməkdaşlıqlar həyata keçirir. Bu dövlətlərdən Türkiyə Qazaxıstan, Türkmənistan və Albaniya kimi dövlətlərin adını çəkmək mümkündür. Azərbaycan və Albaniya müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir və enerji təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirir.
Azərbaycan müstəqillik qazandıqdan sonra həyata keçirdiyi ən önəmli addımlardan biri xarici siyasət strategiyasını genişləndirmək və şaxələndirmək olmuşdur. Dövlətimizin apardığı çoxşaxəli xarici siyasət xətti onun hazırda dünya miqyasında güclü dövlətlərdən birinə çevrilməsində xüsusi önəm kəsb edir. Bunlarla yanaşı, Ali Baş Komandan İlham Əliyev öz ölkəsini beynəlxalq arenada mükəmməl şəkildə təmsil etdiyinə görə bu gün Azərbaycan dünyanın gündəmindədir. Gündəmdə olmasının əsas göstəricilərindən biri də son illərdə ölkəmizdə bir çox mühüm xarakterli tədbirlərin keçirilməsidir. Bu tip layihə və tədbirlərin Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə olan etimadının, güvəninin nəticəsidir.
Zərxanım Abbasova,
YAP-ın fəalı