Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir. Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir. Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur Ümumiyyətlə, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir. Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. Üçrəngli bayrağımız mənliyimizin, öz dövlətimizə hakimliyimizin atributudur. Sadalananlar onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı