Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyası məqsədi ilə 1998-ci ildə başlamışdır. SPECA ölkələri Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) Proqrama birgə ümumi dəstək verir.
Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı Mərkəzi Asiyada subregional əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək məqsədi daşıyır. Ümumi məqsədlərə uyğun olaraq, SPECA Proqramının Statistika üzrə İşçi Qrupu (PWGS) regiondakı əsas tərəfdaşlarla əməkdaşlıq edir. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir.
Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan investisiya cəbediciliyini qorumaqla yanaşı, sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. Ümumiyyətlə, ölkəmizin bugünkü sosial-iqtisadi göstəriciləri Zirvə görüşünün iştirakçıları tərəfindən təqdir edildi. Diqqətə çatdırıldı ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı