Analitika

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövr başlandı

“2024-cü ilin fevral ayının 7-də keçirilmiş Prezident seçkilərində iştirak etmiş Azərbaycan seçicilərinin 92.12 faizi cənab İlham Əliyevin lehinə səs verdi. Beləliklə də, 4.5 milyondan çox seçicinin YAP-ın namizədi cənab İlham Əliyevi yenidən Prezident seçməklə onun son 20 il ərzində dövlətimizin güclənməsi, xalqımızın rifah halının yüksəldilməsi, ərazi bütövlüyümüzün bərpası kimi tarixi işlərinə verdiyi dəyər, vəfa borcu oldu. Şübhə yoxdurki, cənab İlham Əliyevin seçkilərdəki qələbəsi həm də xalqın qələbəsi idi. Çünki Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini bir daha göstərdi. Azərbaycan xalqının cənab İlham Əliyevi yenidən Prezident kürsüsündə görmək istəyi həm də perspektiv ümidlərinin Ona bağlı olduğunu nümayiş etdirdi”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident seçkiləri və cənab İlham Əliyevin andiçmə mərasimi bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır: “Çünki ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. Bu gün isə yeni bir dövr başladı və bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyuldu”.

“Xalqımız əsrə bərabər 20 ilin möhtəşəm uğurlarını, otuzillik işğala və ədalətsizliyə son qoyan Qələbə strategiyasını, Böyük Qayıdış yolunda böyük addımları, Azərbaycana siyasi-iqtisadi dividendlər qazandıran transmilli layihələri, misilsiz iqtisadi-sosial inkişafı, ölkəmizə böyük nüfuz və dəstək qazandıran müstəqil xarici siyasəti məhz Prezident İlham Əliyevin adı ilə bağlayır, onun fəaliyyətinin nəticəsi hesab edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident seçkilərində cənab İlham Əliyevə səs verən xalqımız bu nailiyyətlərin davamının gələcəyinə, yeni dövrdə qarşıda duran yeni vəzifələrin də uğurla yerinə yetiriləcəyinə əmindir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button