Azərbaycanda möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb
Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Azərbaycanın Avropa və İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi, cari ildə Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilməsi, dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani təsdiqidir. Dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Prezident İlham Əliyev “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini bir daha təsdiqlədi. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər.
Azərbaycan hər bir beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə dünyaya malik olduğu zəngin təcrübəni təqdim edir. Dövlət başçısı İlham Əliyev müşavirədə belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq: «Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.» Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi beynəlxalq tədbirlərə özünə inam əsasında ev sahibliyini şərtləndirir. Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir.
Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Azərbaycan 30 illik işğal dövründə ən yüksək tribunalardan dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırış etdi. Azərbaycan hazırda qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Ölkəmizin beynəlxalq nüfuzu artır. Şuşa Qlobal Media Forumunun iştirakçılarının rəylərində də bu reallıq öz təsdiqini tapır. Belə tədbirlər ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına, həqiqətlərin olduğu kimi dəyərləndirilməsinə geniş imkanlar yaradır. Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın əldə olunması üçün geniş imkanlar verən yeni reallıqlar yaradıb. Möhtərəm Prezidentimizin dediyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafın mühüm meyarıdır və bu amillərin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir.
Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.Beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır.
Kərimov Qara,
YAP-ın fəalı