
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur. Müstəqillik əldə edildikdən sonra ölkədə sağlam cəmiyyətin formalaşdırılması, gənclərin fiziki və mənəvi inkişafı məqsədilə idmana xüsusi diqqət yetirilmişdir. Bu sahədə ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilmiş, bir çox proqram və layihələr icra olunmuşdur.
Ümummilli Lider Heydər Əliyev idmanın inkişafını strateji vəzifə kimi müəyyən etmiş, bu sahənin hüquqi və təşkilati əsaslarını formalaşdırmışdır. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Respublikanın müxtəlif bölgələrində Olimpiya İdman Kompleksləri, stadionlar, idman zalları və üzgüçülük hovuzları tikilmiş və istifadəyə verilmişdir.
Dövlət tərəfindən qəbul edilən proqramlar kütləvi idmanın inkişafına, uşaq və yeniyetmələrin idmana cəlb olunmasına geniş imkanlar yaratmışdır. Bunun nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurla çıxış edərək ölkəmizin bayrağını yüksəklərə qaldırmışlar. Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazanılan nailiyyətlər dövlətin idman siyasətinin uğurlu nəticəsidir.
Eyni zamanda, idmanın inkişafı sağlam həyat tərzinin təbliği baxımından da mühüm rol oynayır. Gənclərin zərərli vərdişlərdən uzaq olması, vətənpərvər və intizamlı ruhda böyüməsi idman vasitəsilə daha da güclənir.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu sahədə həyata keçirilən proqramlar və görülən işlər ölkənin gələcək nəsillərinin sağlam, güclü və fəal yetişməsinə xidmət edir.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



