Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Başa çatmaqda olan idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə bu məqama xüsusilə toxunaraq bildirmişdir ki, aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı ildə də davam edəcəyinə inam böyükdür. Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.Konseptual şəkildə ardıcıl işlərin görüldüyünü, veteran idmançılara diqqətin və qayğının göstərildiyini, onların dövlət tərəfindən mükafatlandırıldığını xatırladan dövlət başçısı bildirmişdir ki, idman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılmışdır. Hamıya məlumdur ki, idmanda böyük nəticələr güclü hazırlıq tələb edir və hazırlıq prosesi fasiləsiz olmalıdır. Ən əsası, yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastuktur yaradılmalıdır. Ölkə başçısı çıxışında bu mühüm amilə toxunaraq bildirmişdir ki, idmançılarımızın təlim-məşq toplanışları keçirmələri, eyni zamanda, beynəlxalq yarışlarda iştirak etmələri, habelə idmanla məşğul olmaları üçün yaxşı şərait təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Əlbəttə, bu prosesin daha da genişmiqyaslı olması üçün dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək. Bununla yanaşı, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhvəsini verməyə çalışmalıdır. Yalnız bu halda bədən tərbiyəsi və idmanın kütləviliyi kimi strateji vəzifələrin yerinə yetirilməsində arzulanan nəticələri əldə etmək mümkün olacaq. Əlbəttə, bu amili diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı