Məlum olduğu kimi, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Bu nəticə ilə ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirmiş idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edib, bayrağımızı ucaldıb və xalqımızı sevindirib.
İdmançılarımızın əldə etdiyi nailiyyətə əsasən Azərbaycan 57 müsəlman ölkəsi arasında 3-cü yerdə qərarlaşıb. Bu da bir daha Azərbaycanda idmana olan diqqət və qayğının, bu sahədə həyata keçirilən siyasətin səmərəliliyinin nəticəsidir.: “Şübhəsiz ki, Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarındakı nəticələri bir daha şanlı Qələbənin və tarixi Zəfərin qürurlu təntənəsidir. Çünki Azərbaycan idmançıları da bilirlər ki, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən və tarixi Zəfərdən sonra ölkəni, xalqı təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir. İdmançılarımız, eyni zamanda, anlayırlar ki, düşmənlərimizi və onların havadarlarını döyüş meydanında məğlub etmiş Ordumuzun zabit və əsgərlərinin davamçıları kimi idman arenasına yalnız qələbə və zəfər üçün çıxırlar. Eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin idmana və idmançılara olan xüsusi münasibəti, diqqət və qayğısı beynəlxalq yarışlara qatılan təmsilçilərimizdə əlavə ruh yüksəkliyi yaradır. Odur ki, idmançılarımız yarışlarda zəfər ruhu, qələbə əzmi ilə çıxış edirlər. Onların da əldə etdikləri qələbə bütün Azərbaycan xalqını sevindirir, insanlarımıza qalib xalq, dövlətin vətəndaşı olmaq hissini yenidən yaşadır”.
Azərbaycanda idmanın bir çox növləri var və daim inkişaf edir. Bu yarışda idmançılarımız beş idman növündə medallar qazanmışlar. Bu idman növlərinə cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş daxildir. İdmanı sevən, idmanla məşğul olmaq istəyənlər üçün indi ölkəmizin hər bir yerində gözəl şərait yaradılıb. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çoxalır. Ölkə başçımızın dediyi kimi: “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər.”
Həsənova Səbinə,
YAP-ın fəalı