“Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda maraqları olan, xüsusilə də ölkəmizin qələbəsini həzm edə bilməyən qüvvələrin təzyiqləri və məkirli oyunlarının sayı daha da artıb. Bu prosesdə ABŞ, Fransan, eyni zamanda onların direktivləri ilə fəaliyyət göstərən Avropa təsisatları və siyasətçiləri daha çox aktivlik nümayiş etdirirlər. Azərbaycanın isə bu təzyiqlərə boyun əyməməsi, əksinə ədalətsizliyə susmaması, adekvat tədbirlər görməsi, hətta hadisələrin geosiyasi və geoiqtisadi gedişatına yön verməsi Qərbdəki antiAzərbaycan dairələrini daha da azğınlaşdırır. Elə bu səbəbdəndir ki, Azərbaycanın ünvanına hər gün yeni bir təhdid addımı atılır”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Avropa Şurası Parlament Assambleyasındakı həmlədən sonra bu dəfə Azərbaycana qarşı ABŞ Dövlət Departamenti və Konqresi birgə düşmən mövqeyini sərgiləməyə başlayıb: “Artıq məlumdur ki, müəllifi ABŞ Dövlət Departamentinin olduğu, lakin ABŞ Konqresinin 60 ermənipərəst senatı adından hazırlanmış müraciət Azərbaycana qarşı növbəti təxribat cəhdidir. Bu müraciətdə ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə çağırışlar var. Lakin Prezident İlham Əliyevin bildirdiyi kimi bu çirkin müraciət Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir edə bilməz. Çünki belə bir addım atılarsa, heç də ilk olmayacaq. Yəni, ABŞ artıq bir dəfə Azərbaycana qarşı bu cür çirkin addım atıb. 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi, əhalisini etnik təmizləməyə, soyqırımına məruz qoyduğu bir zamanda ABŞ ölkəmizə 907-ci düzəliş adlı sanksiya tətbiq etmişdi. 2001-ci ildə bu sanksiya ABŞ-ın Əfqanıstan planlarına uyğun olaraq müvəqqəti götürülsə də, 20 il sonra yenidən bərpa edildi. Yəni, bu o deməkdir ki, ABŞ-dakı ermənipərəst dairələr Azərbaycan dövlətinə sanksiya alətləri ilə təsir edə bilməyəcək”.
“Qərbdəki antiAzərbaycan dairələrinin fəaliyyəti Azərbaycandakı “beşinci kolon”la da sinxronlaşdırılıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Milli Şura və AXCP adlı təşkilatlar ABŞ-ın, Avropa təsisatlarının addımlarını təqdir və təbliğ edirlər: “Aydın şəkildə görünür ki, Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimilərinə müvafiq tapşırıqlar verilib. Onların sosial şəbəkə hesablarında Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd paylaşımlar etməsi, Qarabağla bağlı Qərbin təzyiqlərinə adekvat reaksiya verməməsi, əksinə Azərbaycan haqqında anti-təbliğat işləri aparması bir daha sübut edir ki, Qərbin Azərbaycana hücumu tam plan və proqram üzrə həyata keçirilməkdədir”.
Ramil Vəlibəyov vurğulayıb ki, belə bir şəraitdə cəmiyyətimiz daha ayıq-sayıq olmalı, yayılan dezinformasiyalara inanmamalı, dövlətin atdığı addımları dəstəkləməli, bir sözlə Qərbin və “beşinci kolon”un məkirli oyunlarına alət olmamalıdır.